Sevdiyi qıza görə oyuncaq silahla müəllimin evinə girdi, videoya çəkdi
23-06-2022, 07:00

Bakıda sevdiyi qıza görə müəllimin evinə basqın edən şəxsə hökm oxunub.

AZİNFORM.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu il yanvarın 24-də günorta saatlarında Xətai rayonu ərazisində baş verib.

Belə ki, Ağdaş rayon sakini 2000-ci il təvəllüdlü F.Əmrahov sevgi münasibətində olduğu qıza 5 il əvvəl müəllim kimi repetitorluq xidməti göstərən Fazil Əliyevin (şərti ad-soyadlı) yaşadığı ünvana gəlib.

İttihama əsasən, o, aldatma yolu ilə mənzilə basqın edib və özü ilə gətirdiyi oyuncaq silahla ev sahibini qorxudaraq zərbələr endirib. O, hadisə vaxtı törətdiyi əməli videoya çəkib, daha sonra sosial şəbəkələrdə yayıb. Bundan sonra müəllimin şikayəti əsasında barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah və ysa silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb. Yanvarın 26-da o, həbs edilib.

Vətən Müharibəsi qazisi olan F.Əmrahov məhkəmədə dindirilən zaman bildirib ki, sevdiyi qız Fazil Əliyevin 2016-cı ildə ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyib və bundan sonra müəllimi cəzalandırmaq qərarına gəlib:

"2020-ci ildə hərbi xidmətdən qayıtdıqdan az sonra müharibə başladı və yenidən könüllü kimi orduya yazılıb döyüşlərə qatıldım. Füzuli, Qubadlı və digər rayonlarda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlı rayonunun azad edilməsi istiqamətində gedən döyüşlərdə hər iki ayağımdan ağır yaralandım və kontuziya aldım. Həmçinin Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmişəm. Bakı şəhəri 1 nömrəli ruhi-əsəb dispanserində müalicə almışam.

Həmin vaxt bir qızla tanış oldum, aramızda sevgi münasibəti yarandı. 2021-ci ilin dekabr ayında sevdiyim qız 2016-cı il tarixində riyaziyyat fənnindən yanına hazırlığa getdiyi müəllimin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdi. Həmin vaxt qızdan müəllimin yaşadığı ünvanı istəsəm də, demədi. Buna baxmayaraq, Fazil müəllimi cəzalandırmaq üçün onun yaşadığı ünvanı və mobil nömrəsini axtarmağa başladım. Bir müddət sonra Ağdaşdan Bakıya gəldim və soraqlaşaraq mobil nömrəsini tapdım. Ona vatsapla mesaj yazaraq abituriyent olduğumu və həll edə bilmədiyim misalların həllinə kömək etməsini xahiş etdim. O isə görüntülü başa sala biləcəyini dedi və görüşməkdən imtina etdi.

Bundan sonra sevdiyim qızın bacısının həmin müllimin yanına hazırlığıa getdiyini öyrəndim və onu izləməyə başladım. 24 yanvar, 12 radələrində evi taparaq qapını döydüm. Qapını Fazil müəllim açdı, şübhə yaratmamaq üçün onunla görüşüb əvvəllər bir dəfə imtahan verib ödənişli təhsilə düşdüyümü, yenidən hazırlaşaraq imtahan vermək istədiyini bildirdim.

O isə artıq gec olduğunu, mart ayında imtahan olacağını bildirdi, daha sonra otağa daxil oldum, orda 14-15 yaşlı qız vardı, hazırlığa gəlmişdi. Bu zaman özümlə gətirdiyim oyuncaq tipli tapançanı belimdən çıxarıb müəllimə tuşladım".

Hadisə vaxtı təqsirləndirilən şəxs müəllimə şagirdinin yanında yumruqla və tapança ilə çoxsaylı zərbələr endirib və onu söyə-söyə video çəkib. Fazil Əlizadənin yerə yıxılaraq ağzından qal gəlməsini, eləcə də yeniyetmə qızın çığıraraq ağlamasını, binanın blokundan səs gəldiyini görən şəxs daha sonra evi tərk edərək uzaqlaşıb.

Məhkəmədə ifadə verən şəxs hadisə vaxtı orada olan şagirdə heç bir zorakılıq etmədiyini, yalnız kiməsə zəng edən vaxt telefonunu əlindən aldığını deyib. O, daha sonra müəllimi döyərkən çəkdiyi videonu dostuna göndərib və sevgilisinə sataşmış şəxsi cəzalandırdığını bildirib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Fazil Əlizadə hadisədən sonra polisə müraciət etdiyi, lakin onun qazi olmasını biləndən sonra şikayətini geri götürdüyünü deyib:

"Amma bir neçə gün sonra evimdə çəkilən görüntülərin sosial şəbəkələrdə yayıldığını gördüm. Buna görə polisə yenidən şikayət ərizəsi verdim, xahiş edirəm, bu əməli törədən şəxs qanunauyğun şəkildə cəzalandırılsın".

Faktla bağlı açılmış cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, Vətən Müharibəsində iştirak edib medallar almasını onun cəzasını yüngülləşdirən hallar kimi dəyərləndirib.

F.Əmrahovun yanvarın 26-da həbs olunması nəzərə alınaraq məhkəmənin 16 iyul 2022-ci il tarixli hökmü ilə ona 1 il 6 ay müddətinə şəti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.





up