İstirahətə gedənlərin diqqətinə - 2500 manat cərimə oluna bilərsiniz - VİDEO
23-06-2022, 03:54

İstirahət yaxşıdır, ancaq təmizlik ondan da vacibdir.

Son vaxtlar paytaxt parklarında piknik edənlər çoxalıb. Belə yerlərdən biri də yeni salınan Gənclik parkıdır. 

AZİNFORM.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, bu əyləncə növü isə ən çox gənclərə maraqlı olur. Bununla belə, piknik edənlər arasında ailələr və məktəblilər də az deyil. 

Ancaq təəssüf ki, bəziləri istirahətə vaxt ayırsa da, ətraf mühitin təmizliyinə diqqət etmirlər. Özləri ilə gətirdikləri qidaların qablarını elə həmin yerdə qoyub çıxıb gedirlər. Bu da həm parka üz tutan digər sakinlərin narahatlığına, həm də ekologiyanın çirklənməsinə səbəb olur. 

Vətəndaşlar deyirlər ki, piknik edilən ərazilərdə tullantılara axşam saatlarında daha çox rast gəlinir.

Sosioloq Lalə Mehralı deyir ki, evimizi qoruduğumuz kimi, ətraf mühiti də təmiz saxlamalıyıq. Sosioloq bununçün maarifləndirici işlərin də aparılmalı olduğunu bildirir. 

Hüquqşünas İsaxan Vəliyev deyir ki, meşə fondu torpaqlarının məişət tullantları ilə çirkləndirilməsi inzibati xəta hesab olunur. Bunun üçün qanunvericilikdə fiziki şəxslərə 5 yüz manatdan 8 yüz manatadək, vəzifəli şəxslərə 2 min manatdan 2 min 5 yüz manatadək, hüquqi şəxslərə isə 7 min beş yüz manatdan 10 min manatadək cərimə nəzərdə tutulub. Məsələ ilə bağlı Gənclik parkına nəzarəti həyata keçirən Xətai rayon mənzil kommunal təsərrüfat birliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, parkın çirkləndirilməsi hallarına görə indiyə qədər cərimələr tətbiq olunmayıb. Ancaq bu istiqamətdə insanlarla mütəmadi maarifləndirici söhbətlər aparılır.





up