"Müəllimlik vicdana bağlı olan işdir" - Nazir
21-06-2022, 22:33

“Tədris planının niyə dəyişməməsi ilə bağlı sualın cavabını kənarda deyil, təhsil işçiləri arasında axtarmaq lazımdır. Ola bilər ki, köhnə tədris planı ilə işləmək asandır. Amma biz asan yox, uşaqlara faydası olan işlərlə məşğul olmalıyıq”.

AZİNFORM.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, bu prosesdə müəllimin rolu olduqca vacibdir. Çünki əsl müəllim gələcəkdə uşağa nə lazım olduğunu bilir, özünün rahatlığını kənara qoyaraq uşağın gələcəyini düşünür: “Sinif otağına daxil olaraq şagirdlə ünsiyyət saxlamaq müəllim üçün mümkündür. Məktəb direktoru isə hər gün sinif otağının qapısını açıb yoxlamır, yəqin ki, bundan sonra da yoxlamayacaq. Ona görə də müəllimlik vicdana bağlı olan işdir”.

“Misal olaraq, bir ibtidai sinif müəlliminin 40 illik iş həyatında ünsiyyətdə olduğu şagirdlərin orta sayı təxminən 250-300 nəfər olur. Hər bir müəllim həyatında təqribən 1000-ə yaxın insanın gələcək həyatını dəyişmək iqtidarında olur. Müəllimlik statusunun müzakirəsinə cəmiyyətin ciddi ehtiyacı var. Bunu qorxmadan və açıq etməliyik. Hər zaman bunun tərəfdarıyam ki, müzakirələri emosiyalarsız aparmaq çətindir. Amma bacardığımız qədər emosiyaları kənara qoyub dəyər sözünə söykənməliyik. Məqsəd qətiyyən müəllimləri qınamaq deyil. Təəssüf ki, bəzən haqlı və ya haqsız şəkildə müəllimləri qınaq obyektinə çevirmək halları da var. Müəllim olmaq həm çətin, həm də şərəfli peşədir. Repetitorlar bu gün şagirdin hansısa imtahanda ən yaxşı halda 5-10 bal artıq yığmasına xidmət edir. 9-cu sinfin nəticələri zəif olan şagirdlərə repetitorlar belə kömək edə bilmir. Repetitor yaxşı oxuyan şagirdi daha yaxşı oxumaq üçün hazırlaşdırır”, - deyə nazir əlavə edib.

AZİNFORM.AZ





up