Xaricdə bağlanan nikah Azərbaycanda keçərlidirmi?
16-06-2022, 21:58

Hər il onlarla Azərbaycan vətəndaşı xaricdə evlənir.

AZİNFORM.AZ xəbər verir ki, bu hallar adətən əcnəbi şəxslərlə ailə quran zaman baş verir. Hər bir ölkənin qanunları isə yalnız həmin ölkənin daxilində keçərli olduğundan iki fərqli ölkədən olan şəxsin evliliyi digərinin ölkəsində rəsmi olaraq dərhal təsdiqlənmir.

Xaricdə bağlanan nikahın hüquqi əsasının olub-olmadığı necə müəyyən edilir?

Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, həmin Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Azərbaycandan kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

Bunun üçün hansısa məlumat bazası var?

Ədliyyə Nazirliyinin informasiya sistemində ölkə ərazisində dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə dair məlumatlar əks olunur.

Azərbaycan Respublikasının vətəndaşı xarici ölkənin səlahiyyətli qurumunda nikaha daxil olduqda isə o, həmin nikaha dair məlumatın Ədliyyə Nazirliyinin informasiya sistemində əks olunması üçün onu müəyyən olunmuş qaydada leqallaşdıraraq yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) və ya “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsinə təqdim edə bilər.

AZİNFORM.AZ





up