2 milyonluq oğurluq edən "alpinistlər" hökmdən şikayət ediblər
3-06-2022, 23:18

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barələrindəki hökmdən narazıdırlar.
Təqsirləndirilən şəxslərin vəkilləri bununla bağlı yuxarı instansiya məhkəməsinə şikayət veriblər.
Cavid Süleymanovun hüquqlarını müdafiə edən vəkil Elmar Süleymanov bildirib ki, hökmün müvəkkili barəsində olan hissəsi cinayət prossesual qanunvericiliyinin tələblərinə uyğun deyil.
Şikayətdə qeyd olunub ki, tibbi sənədlərlə də sübut olunub ki, Cavid Süleymanov psixi xəstəliklərdən və anlaqlığı istisna edən bipolyar affektiv pozuntu xəstəliyindən əziyyət çəkir:
Vəkil qeyd edib ki, müvəkkilinin 3-cü qrup əlil olması, hərbi xidmətə yararsız olması da onun cinayət törədən zaman da, indi də anlaqsız olduğunu sübut edir.
Şikayət ərizəsində iş üzrə Bakı Ağır Cinayətlər Məhkəmsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi xahiş olunub.
İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
Zərərçəkənlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov 9 il, Əhməd Əhmədov 8 il müddətinə azadlıqdan məhrum olunub. /apa/
AZİNFORM.AZ




up