"3-cü dünya müharibəsi başlayıb" - Ukraynaya uduzan Rusiya NATO-nu hədələyir
31-05-2022, 16:54

Rusiya-Ukrayna müharibəsi 3 ayı geridə qoyduğu bir vaxtda Rusiya dövlət televiziyasında danışılanlar gündəm olub. Kremlin nəzarətində olan kanalın yayımında NATO-ya təhdid kimi xəbərdarlıq edilib.

Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Rusiyadan gələn görüntülər isə bu gərginliyin daha da artacağından xəbər verir. Çünki Rusiya dövlət televiziyasından “Üçüncü Dünya Müharibəsi” bəyanatı gəlib. Kremlin nəzarətində olan “Rossiya-1” telekanalında “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva iddia edib ki, Qərbin Ukraynaya silah verməsi qlobal münaqişə deməkdir. İngiltərənin "Metro" qəzetində yer alan xəbərə görə, Rusiya jurnalisti canlı yayımda bu ifadələri işlədib: “Ukraynada xüsusi hərbi əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb. Biz təkcə Ukraynanı deyil, bütövlükdə NATO-nu tərksilah etməyə məcburuq”.

Olqa Skabeyeva
Olqa Skabeyeva, "Rossiya-1"-in aparıcısı

Britaniya mətbuatının “Putinin kuklası” adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirilir. Daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini yayımlayan Rusiya jurnalistləri belə bir vəziyyətdə London, Paris və Berlinin xəritədən 202 saniyə ərzində silinəcəyini açıqlayıb. Rusiya jurnalistləri belə bir hücum olacağı təqdirdə hədəf alınan şəhərlərdə sağ qalanların olmayacağını da vurğulayıblar.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan "Şeytan 2" raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir. Yəni Rusiyanın sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə malik olduğu iddia edilir. ABŞ mətbuatının yazdığına görə, ABŞ da bu raketin uçuş məsafəsi daxilindədir.

Xatırladaq ki, Putin "Sarmat" qitələrarası ballistika sisteminin tamamlanmaq üzrə olduğunu təsdiqləyib və TASS xəbər agentliyinə deyib ki, “Sarmat üzərində iş fəal şəkildə gedir və hazırda son mərhələdədir”. Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli "Zirkon" raketinin yeni şəkillərini paylaşıb.

ABŞ dairələri tərəfindən Rusiyanın bu raketdən istifadə etdiyi təsdiqlənərkən, İngiltərə mətbuatı bu prosesi “Rusiya Londonu 5 dəqiqəyə vura bilən hipersəs nüvə raketinin görüntülərini dərc etdi” başlığı ilə oxucularına təqdim edib.

Sözügedən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil silah texnologiyasının bir hissəsidir. Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı. Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Putin, onların yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini təkid edir.

Amma ayrıca olaraq qeyd edilməlidir ki, Rusiya silahlarının şişirdilmiş formada təqdim edilməsi əvvəllər də çox müşahidə edilib. Maraqlıdır ki. məhz ABŞ və Avropa mətbuatı sanki bilərəkdən Rusiyanın silahlarını "qorxulu yuxu" kimi təqdim edirlər, amma sonradan bu silahların bir işə yaramadığı bəlli olur. Həmçinin raketlərin, məsələn, Londona qədər uça bilmə potensialı o demək deyil ki, o raketlər həqiqətən ora qədər uça biləcək. Təbii ki, Avropa hava hücumundan müdafiə sistemlərini "söndüməyib". Təsadüfi deyil ki, elə həmin Londondan baş nazir Boris Conson Rusiyanı açıq şəkildə hədələmişdi. O bildirmişdi ki, Rusiya Ukraynaya qarşı qadağan olunmuş silahlardan istifadə edərsə, İngiltərə müttəfiqlərlə məsləhətləşmə aparmadan birbaşa Rusiyaya zərbə endirəcək.

Qısası, Rusiya telekanallarında danışılanlar adətən, daxili publikanı aldatmaq və öz vətəndaşlarına Rusiyanı güclü göstərmək üçündür. Başqa sözlə, Ukrayna ilə bacara bilmədiklərini ört-basdır etmək üçün Rusiyanı NATO ilə savaşa hazırlaşırmış kimi təqdim edirlər. Görünən odur ki, bu təbliğat nəticə verir - Rusiyada cəmiyyət belə təbliğata hələ də aldanır. /bizimyol.info/

                                                                   AZİNFORM.AZ





up