Polis qadını tutdu: Görün həyətində nə edirmiş - FOTO
25-05-2022, 10:30

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında - çətənə kollarına qulluq edən zaman yaxalanıb.

Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib.

Çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim olunub. N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 AZİNFORM.AZ





up