Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
24-05-2022, 17:59

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən şəxsin görüntüləri yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, “qafqazinfo” həmin şəxsin kimliyi ilə bağlı təfərrüatları əldə edib. Məlum olub ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki videoları ilə məşhurdur.

Qeyd edək ki, Soltanpaşa Məlikov əslən Şamaxının Peyvənd Təklə kəndindəndir. Onun həm də bizneslə məşğul olduğu bildirilir.

Xatırladaq ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Fotoda: Əziz Məlikov və Soltanpaşa Məlikov

 


AZİNFORM.AZ



up