Təbiət möcüzəsi Parağaçaydan FOTOREPORTAJ
15-05-2022, 23:57

Əlverişli iqlim şəraiti, flora və faunanın müxtəlifliyi, tarixi-mədəni irs, yüksək qonaqpərvərlik ənənələri Naxçıvan Muxtar Respublikanda zəngin turizm potensialının mövcudluğundan xəbər verir. Ötən illərdə muxtar respublikada tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülüb. Bunun nəticəsidir ki, Naxçıvan həm də turizm mərkəzinə çevrilib.

Muxtar respublikanın Ordubad rayonunun ərazisində yerləşən Parağaçay qəsəbəsi bu gün təbiətsevərlər üçün ən gözəl səyahət məkanlarından biri kimi diqqəti cəlb edir. Qəsəbə qədim diyarın ən yüksək zirvəsi olan Qapıcığın zirvəsi ilə üz-üzə, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Burada yaşıllıqla səssizlik füsunkar təbiət harmoniyası yaradır, insanın ruhuna mənəvi rahatlıq bəxş edir. Parağaçaydan yola çıxaraq dağın yamacları boyunca birnəfəsə yürüş edəndən, buz kimi dağ çayından bir ovuc su içəndən, təbiətin yaratdığı möcüzəni öz gözlərinlə görəndən sonra bu yerlərə heyran qalmamaq olmur. Məhz belə təbiət gözəllikləri müasir ekoturizm həvəskarlarını özünə çəkən cazibə qüvvəsidir.

Qarşıdan gələn isti yay günlərində şəhərin səs-küyündən, bürküsündən qaçaraq muxtar respublikanın yaqut kimi gözəl təbiətinə üz tutanların bir ünvanı da Parağaçay qəsəbəsi olacaq.

"Naxçıvanı qürurla paylaşırıq" layihəsinin iştirakçıları da Parağaçayda olub, buranın füsunkar təbiətini əks etdirən fotolar çəkiblər. /azərtac/

 AZİNFORM.AZ







up