Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama
9-05-2022, 23:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zaqatalada 23 yaşlı ananın doğuşdan sonra ölümü ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən AZİNFORM.AZ-a daxil olan məlumatda deyilir: 

“Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeddi aylıq oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və bağırsaq keçməzliyi şübhəsi ilə Təcili Tibbi Yardım avtomobili ilə Bakıya gətirilib. 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya  üçün laboratoriyaya göndərilib. 

Ailəsi xəstəlikdən əvvəlcədən xəbərdar olduğunu bildirib, pasienti xəstəxanadan yazılı iltizamnamə ilə çıxararaq, aparıblar.  Xəstə xəstəxana tərəfindən Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınıb, Şəkiyə çatarkən yolda dünyasını dəyişib.  

Uşağın vəziyyəti isə stabildir”.





up