Maonun mavzoleyi – binada tam sükut olmalıdır
4-05-2022, 22:36
Azinform.Az - Azerbaycanin informasiya Merkezi
Dünyanın 10 ən böyük mavzoleyi siyahısında Pekinin baş meydanındakı Çin lideri Mao Tzse Dunun şərəfinə inşa edilmiş mavzoley ilk sıralarda yer alır. Ümumi ərazisi 57 min kvadrat metr olan memorial kompleks cəmi 6 aya tikilib.


 Mao Tzse Dun 9 sentyabr 1976-cı ildə 82 yaşında vəfat edib. Həmin dövrdə vəfat edən siyasi rəhbərlərin balzamlaşdırılması məsələsi heç bir qanunda öz əksini tapmayıb. Belə ki, hələ 1956-cı ildə Mao Tzse Dun liderlərin ölümündən sonra kremasiya (meyitin yandırılması) edilməsini təklif edən sənəd imzalayıb. O cümlədən Mao Tzse Dun da son günlərində öz davamçaılarına vəfatından sonra kremasiya edilməsini vəsiyyət edib. Amma davamçılar və Kommunist Partiyası Maoya böyük ehtiram əlaməti kimi onu balzamlaşdıraraq əbədi etmək qərarını veriblər. Təşəbbüs MaoTzse Dunun partiya xətti ilə varisi Xua Qofen tərəfindən irəli sürülüb.

Mavzoleyin tikintisi Maonun vəfatından iki ay sonra, 1976-cı ilin noyabrında başlayıb, 1977-ci ilin may ayında yekunlaşıb. Rəsmi məlumatlara görə, yarım milyondan artıq çinli tikintidə könüllü iştirak edib.
Binanın perimetri boyunca 44 qranit səkkizguşəli sütun qoyulub. Onların hər birinin hündürlüyü 17.5 metrdir.

Mavzoley 10 zal və otaqlardan ibarətdir.

Şimal zalında Mao Tzse Dunun 3.45 metr hündürlüyü olan abidəsi qoyulub.
Mərkəzi zalda Çin liderinin sarkofaqı (xüsusi işlənmiş tabut) qoyulub. Sarkofaqın hazırlanmasında xüsusi büllur şüşədən istifadə edilib. Bunun üçün 20-dən artıq büllur şüşə sınaqdan keçirilib. Sonda Pekindəki 608 nömrəli şüşə zavodunun məhsulu seçilib.

Çənub zalı ziyarətçilərin mavzoleydən çıxışı üçün nəzərdə tutulub. Bu zalda suvenirlər satılan köşklər fəaliyyət göstərir. Ziyarətçilər ikinci mərtəbəyə buraxılmır. Bunun üçün xüsusi icazə tələb olunur. İkinci mərtəbədə yerləşən zallarda Kommunist Partiyası və inqilab tarixi ilə bağlı sənədlərlə, altı kommunist liderin, o cümlədən Mao Tzse Dunun əlyazmaları, fotoları, sənədləri, şəxsi əşyaları ilə tanış olmaq mümkündür. Bu mərtəbədə kinozal da fəaliyyət göstərir ki, burada ziyarətçilərə Çin kommunist liderlərin həyatlarından bəhz edən 20 dəqiqəlik film nümayiş olunur. İkinci mərtəbəni adətən xüsusi qeydiyyatdan keçən qrup şəklində olan turistlər ziyarət edirlər.

Mavzoleyə ziyarət məsələsi son dərəcə ciddi nəzarət altında saxlanılır. Kompleksə çanta, digər əl əşyaları, video və foto çəkilişi kameraları ilə daxil olmaq qəti qadağan edilib. O cümlədən mavzoleyə baş geyimi ilə daxil olmağa da icazə verilmir. Əşyaların saxlanılması üçün mavzoleyin əks istiqamətində, yolun digər tərəfində ödənişli saxlama kameraları fəaliyyət göstərir. Həmçinin geyimləri səliqəsiz olanlara da Mao ilə “görüşmək” imkanı verilmir.

Mavzoleyin içərisində ziyarətçilərin sakitliyə tam riaət etməsi mütləq şərtlərdən biridir. Əks halda bu qaydanı pozanlar nəzarətçilər tərəfindən kompleksdən kənarlaşdırılır.

Çin liderinin tabutu qarşısında dayanmaq, əyilmək, çəkilş aparmaq, nəsə danışmaq, hətta dua etmək qadağandır. Mərkəzi zalda sükut Maoya ən böyük ehtiram sayılır.

Mavzoley bazar ertəsindən başqa həftədə altı gün, saat 8-dən 12-yə qədər ziyarətçilərin üzünə açıq olur. Digər vaxtlar Maoya və mavzoleyə xidmət göstərmək üçün sərf edilir. 

İlin bütün fəsillərində mavzoleyi ziyarət etmək üçün uzun-uzadı növbələr olur. Turistlərin ziyarəti maraqdan irəli gəlir, yerli sakinlər, hətta ən uzaq əyalətlərdən gələn çinlilər isə Maonu ziyarət etməyi özlərinə mənəvi borc sayırlar.

Ölkəyə xaricdən gələn rəsmi nümayəndə heyətlərinin və qonaqların Maonun mavzoleyini ziyarət etməsi Çində mütləq ənənə kimi qəbul edilir. Qonaqlar üçün mavzoleydə xüsusi dəhliz mövcuddur.

Mavzoleyin mühafizəsi dünyanın ən güclü mahfizə sistemləri ilə müqayəsə olunacaq qədər təşkil edilib. Bu məkanda ən adi şübhəli hərəkət belə diqqətəndən kənarda qala bilməz. Onu da qeyd edək ki, bəzi versiyalara görə, mavzoleydə nəşi balzamlaşdırılmış şəxs heç də Mao Tzse Dun deyil. Belə ki, mavzoley tikilənə qədər Maonu balzamlaşdırılması uğursuz alındığına görə çürümələr baş verib. Xua Qofen təşəbbüsünün iflasa uğramasını gizlətmək üçün Çin liderinin oxşarını mavzoleydə əbədiləşdirib.

 

 






up