“Kristal Abşeron” şirkəti Novruz bayramı günündə müharibə veteranının evini sökdü
22-03-2022, 23:30
Azinform.Az - Azerbaycanin informasiya Merkezi


"Hörmətli redaksiya! Mən Məlikov Etibar Umudvar oğlu 1965-ci ildə İmişli rayonunda anadan olmuşam. 1982-ci ildən Bakı şəhərində yaşayıram. Paris Kommunası adına Gəmi Təmiri Zavodunda işə düzəlmişəm. Ermənilər torpaqlarımızı işğal etməyə başlayanda BDU-nin tələbəsi olmağıma baxmayaraq 1991-ci ildə könüllü olaraq müharibəyə yollanmışam. Atəşkəs rejimi elan edilənədək ən ağır bölgələrdə döyüş yolu keçmişəm. Neçə-neçə döyüş yoldaşım gözlərim önündə şəhid olub, yaralanıb. Döyüşlər zamanı aldığım travmalar, yoldaşlarımın itkisi bu gün də məni rahat buraxmır. Tez-tez əsəbi oluram, halım dəyişir.

1990-cı ildən Qanlıgöl massivi 2A ünvanda 4 sota yaxın torpağı, 21.8 kvadrat metr sahəyə malik otaq və sanitar qovşağı olan mənzil mənim istifadəmdədir. Həyətyanı sahədə 20-dən artıq gilənar, tut və digər meyvə ağacı əkərək onlara qulluq etmşəm. Hazırda daxili işlər orqanlarının veteranı kimi Hüseyn Cavid prospektində yerləşən yataqxanada18 kvadratmetrlik darısqal otaqda yaşayıram. Dövlət tərəfindən heç vaxt mənzil, maşın, sosial müavinət almamışam.
Yasamal rayonu Qanlıgöl deyilən ərazidə götürdüyüm torpaq son ümüd yerim idi. Uzun müddət xəstəliyim, ailəmdəki problemlərlə bağlı torpaq sahəsində tikinti apara bilməmişəm. Lakin həyətyanı sahəmdə müxtəlif meyvə ağacları əkərək onlara qulluq etmişəm, əvvəllər qonşunun həyətindən gətirdiyim su ilə onları böyütmüşəm, sonralar isə Su idarəsinə müraciət edib öz evimə sayğac qoydurdum.
Artıq uşaqlarım böyüyüb. İmkansızlıq üzündən qohum evində yaşayırlar. İndi özümə şərait qurmaq istəyirdim ki, “Kristal Abşeron” şirkəti Qanlıgöl ərazisində yaşayan sakinlərlə görüşüb ərazinin onlara verildiyini bildirdi. Şirkət sakinlərlə ayrı-ayrılıqda danışıb onların çoxunu razı salaraq mənzillərindən köçürməyə başlayıb. Mənim mənzilimi isə saxlayıblar axıra. Çünki 4 sota yaxın ərazisi, imkansızlıq üzündən özünə dəbdəbəli şərait qura bilməyən müharibə veteranının birotaqlı mənzilini şirkət ev kimi qəbul etmək istəmir. Razılaşan qonşuların hasarlarını söküb evimin hər tərəfini zibilliyə çevirəndən, su sayğacımı sındırıb atandan, evin şüşələrini sındırandan, həyətimdəki 20-dən çox ağacı kökündən çıxarandan sonra məni şirkətə dəvət etdilər. İlk görüşümüzdə şirkətin əməkdaşı Şahvələd müəllimlə danışdım, mənim evimin və sanitar qovşağımın taxtadan tikildiyini, ona görə də mənə heç bir mənzil düşmədiyini bildirdi. Mənzilimin içərisinin guya 15 kvadrat metr ərazisi olduğu üçün ümumilikdə 1 500 (min beş yüz) manat pul təklif etdi (kvadratmetrinə 100 manat-?!) və onun da iki qatının– 3000 manatın pul şəklində veriləcəyini bildirdi. (Halbuki mənzilin ölçülməsi zamanı mənə verilən aktda evin və sanitar qovşağın iç ölçülərinin ümumilikdə 21.84 kvadrat metr olduğu yazılıb). Şahvələd müəllim pulu götürməyə razılaşmasam məni Yasamal Rayon İcra Hakimiyyəti ilə hədələdi. Bildirdi ki, “Bakı Şəhər İcra Hakimiyyəti ərazini bizim şirkətə ayırıb. Rayon İcra Hakimiyyətinə də tapşırılıb ki, ərazini boşaldıb bizə təhvil versin”–dedi. Hazırda yataqxanada yaşadığımı bildirdim və son ümidi olan mənzilimi heç kəsə verməyəcəyimi, yalnız mənzil müqabilində şirkətlə razılaşacağımı söylədim. Sonda Şahvələd müəllim rəhbərliklə bizim təklifimizi müzakirə edib nəticəsini 1-2 günə bildirməyə söz verdi.
Bundan sonra “Kristal Abşeron” şirkəti Prezident İlham Əliyevin Rusiya Federasiyasında səfərdə olduğunuz vaxt, yəni fevralın 22-də mənim razılığım olmadan əkdiyim, çətinliklə böyütdüyüm ağacları ekskovatorla çıxarıb məhv etdilər. Yalnız evim və yanında 4-5 ağacım qalmışdı. Bundan sonar yenə məni şirkətə dəvət etdilər. Şahvələd müəllim müharibə veteranı vəsiqəmi, şəxsiyyət vəsiqəmin surətini alıb mənə 15 kvadrat mənzilin qarşılığında bir otaqlı evin 36 min manatını şirkət tərəfindən ödənəcəyini, qalan hissəsini isə kredit şəklində mənim ödəməyimi təklif etdi. Yenə mənim evimin, ağaclarımın və 4 sot torpaq sahəmin qarşılığında daha geniş mənzil istədiyimi bildirdim.
Bir neçə gündən sonra məni şirkətin rəhbəri Fikrət müəllim dəvət etdi. O da mənim evimin qarşılığında müharibə veteran olduğumu nəzərə alıb yalnız 1 otaqlı mənzil verə biləcəyini söylədi. Mənim ailəmin qohum evində, özümün yataqxanada yaşadığımı bir daha diqqətə çatdırdım. Onların təklifi ilə razı olmadığımı, yalnız daha geniş mənzil qarşılığında şirkətlə razılaşacağımı söylədim. Əks halda evimə əl vurmamalarını xahiş etdim. Fikrət müəllim sənədlərimi alıb evimi sökməyəcəklərini, Yasamal Rayon İcra Hakimiyyətində məsləhətləşdikdən sonra mənə cavab veriləcəyini dedi.
Mən cavab gözlədiyim müddətdə 2022-ci ilin Novruz Bayramı günü-martın 21-də şirkətin işçiləri evimi söküb içindəki əşyalarımı yarasız hala saldılar. Bu həmin gün idi ki, Prezident İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdiniz. Bütün xalqımız kimi mən də qürur hissi keçirirdim ki, işğal altında olaan torpaqlarda Novruz tonqalları yanır. “Kristal Abşeron” Şirkətinin əməkdaşları isə Prezidentin bu alicənablığına, xalqımızın secincli günlərində mənim evimi uçurmaqla cavab verdilər. Şirkətin bu əməllərindən aydın olur ki, ölkə Prezidenti nə vaxt paytaxtdan uzaqlaşır şirkət rəhbərliyi də həm vaxtlarda öz çirkin əməllərini həyata keçirirlər.
Ağaclarımın kəsildiyini, evimin söküləcəyi və bunun qarşısının alınması üçün müxtəlif dövlət qurumlarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Bakı Şəhər İcra Hakimiyyətinni başçısı Eldar Əzizova hüquqlarımın müdafiəsi üçün müraciət etmişəm. Ümid edirəm ki, məktub yazdığım ali orqanların rəhbərləri səsimə səs verib şirkətin özbaşınalığını dayandıracaqlar.
Şirkətin rəhbərliyinin heç bir dəyərlərə hörmət etmədiyinin, müharibə vetranının son ümid yeri olan evinin uçurdub yerində özlərinə xaniman quraraq mənim bayramımı qara gətirmək, milyonlar qazanmaq istəyi onları hər cür rəzilliyə əl atmağa vadar edir. Mən Qarabağda qışın şaxtasında, yayın istisində vuruşanda bu şirkətin rəhbərliyi harada idi? Mənim əlimlə əkdiyim ağacları kökündən çıxarıb, evimi yerlə-yeksan edənlər, onlara havadarlıq edənlər mütləq cəzalandırılmalıdır. Mən də bu ölkənin vətəndaşıyam. Mənim də hüquqlarım Konstitusiya ilə mdövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü Maddəsindəyazılır:
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29-cu Maddə isə qeyd olunur:
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Prezident İlham Əliyev hər zaman yaşıllıqları məhv edən, ona qənim kəsilənlərin ən ağır şəkildə cəzalandırılacağını dəfələrlə bəyan etmişdir. Ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Prezident demişdir: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır.”
Ümummilli lider Heydər Əliyev də “…kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü özünə xəyanət edir”-deyirdi. Bəli, bu cür xəbərdarlıqları qulaqardına vuran şirkət rəhbərləri, doğrudan da cəzalandırılmalıdır.
Mən inanıram ki, heç bir dövlət qurumu nə adi bir vətəndaşın, nə də bir Qarabağ müharibəsi iştirakçısını, daxili işlər orqanlarının veteranının razılığı olmadan ağaclarını kəsməyə, mənzilini uçurmağa, özünü çölə atmağa göstəriş verməyib. Mən buna əminəm. Dövlət hər zaman çətin gündə vətəndaşın yanında olub və Qarabağ müharibəsi veteranları isə xüsusi qayğı ilə əhatə olunub. Bunu şirkət rəhbərliyi də yaxşı bilir. Lakin nədənsə “Kristal Abşeron” şirkətinin törətdiyi əməllər hələlik müvafiq dövlət qurumlarının nəzarətindən kənarda qalıb.
Hörmətli redaksiya! Birinci Qarabağ müharibəsi iştirakçısı, daxili işlər orqanlarının veteranı, 30 ildən artıq yataqxanada 18 kvadratmetr otaqda yaşadığımı nəzərə alıb mənim pozulmuş hüquqlarının müdafiəsinə yardım göstərməyinizi xahiş edirəm".

  





up